Fərarilikdən intihara: Ermənistan ordusu döyüşsüz də sürətlə azalır | ŞƏRH

      Fərarilikdən intihara:    Ermənistan ordusu döyüşsüz də sürətlə azalır    | ŞƏRH
  04 Noyabr 2024    Oxunub:454
2020-ci il və sonrakı döyüş əməliyyatlarında məruz qaldığı məğlubiyyətlərdən sonra özünə gələ bilməyən Ermənistan ordusunda problemlər bitmək bilmir. 21-ci əsrin fərari ordusunda qeyri-döyüş şəraitində həlak olanların sayı hər ay artmaqdadır. Bu il ərzində erməni ordusunda qeyri-döyüş şəraitində 26 nəfər ölüb və ya öldürülüb. Bu itkilərin arasında qətllər və intiharlar üstünlük təşkil edir.
Ermənistan ordusunda köhnə əsgərlərin hərbi hissəyə yeni gələn gəncləri alçaltması ənənəvi hal alıb. Bu proses hər dəfə hərbi xidmətə çağırış zamanı təkrarlanır. Daha əvvəl alçaldılan heyət bir neçə aydan sonra yeni gələnlərə zülm edir.

Bu gün fərari erməni ordusunda həbsxana qaydaları geniş tətbiq olunur. Gücü yalnız silahsız mülki əhaliyə qarşı amansızlıq etməyə çatan erməni əsgərləri 44 günlük Müharibədə məruz qaldıqları məğlubiyyətin təsirilə bir-birlərinin alçaltmağa əvvəlkindən daha çox meyillidirlər. Onları heç bir ideologiya birləşdirmir. 5-6 ay ərzində alçaldılan gənclər məruz qaldıqları bütün pis hərəkətləri, o cümlədən, cinsi zorakılıq hallarını özlərindən sonrakı nəslin başına gətirməklə təskinlik tapırlar. Bu sonu olmayan iyrənc estafet illərdir davam edir. İndi isə Ermnistanın Qərbə meyillənməsi, LGBT-ni dəstəklənməsi fonunda fərari ordusunda cinsi zorakılıq və buna görə intihar edən hərbçilərin sayında artım müşahidə olunur.

Bu halların artması bir daha onu göstərir ki, məğlubiyyətin dərin deqradasiyaya uğratdığı Ermənistan cəmiyyətində müşahidə edilən bütün iyrənc hadisələr orduda da artıqlaması ilə əks olunur. Bəzən erməni ordusundakı zorakılıqlarda komandir heyətinin də iştirak etməsi mövcud cinayətlərin gizlədilməsi ilə nəticələnir. Geniş miqyas almış bu cinayətlərin qurbanı olan gənc erməni əsgərlər başlarına gətirilən oyunlara görə yoldaşları tərəfindən məsxərəyə qoyulur, bu isə hərdən intihar, hərdən isə cinayət törədənin öldürülməsindən sonra intihar ilə yekunlaşır. İstənilən halda fərari ordusunda xidmət edən erməni gənclər zorakılıq və “dedovşina” nəticəsində həyatlarını itirməkdə davam edirlər. Bu hallar əvvəllər də olurdu, amma indi ceyli artıb.

Hazırda bu məsələ Ermənistan hakimiyyətində ciddi narahatlıq yaradıb. Ölkədə hərbi məktəblərə qəbul minimum səviyyəyə enib. Orduda xidmət etmək əhali arasında artıq prestijli hesab edilmir. Ermənistanın hərbi-siyasi rəhbərliyi qeyri-döyüş şəraitində ölənlərin sayını azaltmaq üçün zabit heyətinin komplektləşdirmə faizini artırmaq niyyətindədir, amma hərbi məktəblərə qəbul planı dolmur. Belə olan halda daha əvvəl ordudan müxtəlif səbəblərə, o cümlədən, fərariliyə və ya cinayət törətdiyinə görə tərxis edilənlərin və istefaya göndərilən yararsız zabitlərin yenidən hərbi xidmətə qaytarılması müzakirə olunur. Bu məqsədlə “Hərbi xidmət haqqında” qanuna dəyişiklik edilməsi və erməni ordusunda hərbi xidmətdə olmağın son yaş həddinin artırılması da gözlənilir.


Maraqlı burasıdır ki, 18-20 yaşlı erməni əsgərlərin nizamnaməyə zidd hərəkətlərə görə həyatını itirməsinin qarşısını almağa çalışan Ermənistan parlamenti məsələni bu problemlərin toxumunu səpən şəxslərlə həll etməyə çalışır. Sadalanan neqativ hallar əsasən Qarabağda mövcud olan silahlı birləşmələrdə ortaya çıxmışdı, sonra isə xərcəng xəstəliyi kimi bütün erməni ordusunda geniş yayıldı.

Qarabağda separatçı təşkilatların yaradılmasına rəhbərlik edən, Xocalı soyqırımının törədilməsinə bilavasitə rəhbərlik edən Köçəryan və ya Xocalıda əliyalın dinc sakinlərin soyqırımında iştirakı ilə qürrələnən, Azərbaycanın istənilən şəhərini Ağdam kimi xarabalığa çevirməklə hədələyən, “Biz Qarabağı aldıq, siz isə “Ararat”ı alın” kimi boğazdan yuxarı açıqlamalar verən Serjik Sarqsyan, yaxud da digər Xocalı qatili Seyran Ohanyan başda olmaqla “konserva oğrusu” Manvel Qriqoryan kimi cinayətkarların yaratdığı ordu bu gün “21-ci əsrin fərari ordusu” titulunu daşıyır. Adı çəkilən rəhbərlərdən heç biri nə özü, nə də övladları 44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusunun qarşısına çıxmadı. Erməni ordusunun 17 min hərbçisi döyüşlərdə həlak oldu və yaralandı, 11 mini müharibə zamanı, 18 mini isə antiterror əməliyyatları vaxtı fərarilik etdi. Hazırda sağ qalanların bir hissəsi cinsi zorakılıq və digər ləyaqətsiz davranışlar nəticəsində intihardan başqa çıxış yolu tapa bilmir.

Qeyri-döyüş şəraitində verilən itkilərə görə əsgər analarının aksiyalarda səsləndirdiyi fikirlər ordunun real vəziyyətinin nə qədər bərbad olduğunu bir daha nümayiş etdirir. Yanacaq, ərzaq və digər maddi vəsaitlərin oğurluğunda iştirak edən fərari qatillərin qurduğu erməni ordusunun bu gün gördüyümüz vəziyyətdə olması təəccüblü deyil.

Ermənistan ordusunun mənəvi-psixoloji vəziyyətini düzəltmək, intihar və zorakılıq hallarını aradan qaldırmaq əvəzinə “modernləşdirmə” adı altında Fransa və Hindistandan yeni hücum silahları alır. Qarabağda Azərbaycanla müharibə etmək istəməyən Rusiyaya acıq vermək üçün NATO-ya sığınmağa çalışır. İrəvan hesab edir ki, ərazisində yerləşəcək ABŞ, Fransa və başqa ölkələr onu həm Rusiyanın təsirindən və Azərbaycanın qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsindən azad edəcək, həm də revanş niyyətlərini həyata keçirməyə imkan yaradacaq. Amma vaxtilə Gürcüstan ilə Ukraynanın da NATO-ya yaxınlaşmaq cəhdlərinin necə nəticələrini və Azərbaycanın Alyansda Türkiyə kimi ciddi tərəfdaşının olduğunu nəzərə almır.


Bu gün Ermənistanda hərbi xidmət etmək istəyən gənc tapmaq Göyçə gölündə balina tapmaqdan daha çətindir. Fərarilər diyarının müdafiəsi üçün yaxın və orta perspektivdə gənc nəsil yetişdirmək mümkün görünmür. Baş nazir Nikol Paşinyan da etiraf edir ki, ermənilər övladlarını Silahlı Qüvvələrdə xidmətdən xilas etmək üçün əllərindən gələni edirlər. On minlərlə erməni övladını revanş məqsədli yeni müharibədən xilas etmək üçün ölkədən qaçırır. Azərbaycan ərazilərini köpnüllü tərk edən Qarabağ ermənilərin 30 faizi artıq Ermənistandan birdəfəlik gedib. Burada eyni zamanda iqtisadi sıxıntılar, məmur özbaşınalığı və digər qanunsuzluq halları da mühüm rol oynayır.

Gənclərinin xidmətdən iyrəndiyi fərari ordunun istənilən silahlarla təmin edilməsi regiondakı güc balansına təsir etməyəcək. Bu gün Ermənistan gəncləri 30 illik yanlış ideologiyanın qurbanına çevrilib. Hazırda erməni əsgər və zabitləri nə qoşun komandirlərinə, nə siyasi rəhbərlərinə, nə də dövlətlərinə inanırlar. Belə bir orduya nüvə silahı belə verilsə, yenə də döyüşməyəcək. Yalnız özünü xilas etmək barədə düşünəcək.

Ermənistan ordusunun daxil ola bilmədiyi son beynəlxalq reytinqdə Azərbaycan Silahlı Qüvvələri İtaliya və Kanadanı qabaqlayaraq, 29-cu pillədə yerləşir. Ermənistan ideoloji dayaqları məhv olan fərari ordunu silahlandırmaq və Azərbaycana qarşı revanşa hazırlaşmaq əvəzinə, öhdəliklərini yerinə yetirmək barədə düşünməlidir. İrəvanın indiyə qədər silahlanmaya xərclədiyi mənbəyi məlum olmayan vəsaitlər boşuna havaya sovrulmaqdadır. Bu xərclər erməni ordusunu növbəti təxribatlara əl atması ilə nəticələnərsə, Ermənistanın nəzarətində olan tarixi Azərbaycan torpaqlarında bufer zonaların yaranması və Yerablur panteonunun genişlənlənməsi ilə nəticələnəcək.

İrəvan nəzərə almalıdır ki, Azərbaycan onun regiondan kənar qüvvələrin diqtəsilə necə şıltaqlıq etməsini uzun müddət təmkinlə seyr etməyəcək. Bir-iki xəbərdarlıqdan sonra proseslər Ermənistan üçün gözlənilən və əvvəlkindən çox da fərqlənməyən acı sonluqla nəticələnə bilər. Məsələn, Ali Baş Komandan İlham Əliyev Ermənistanın silanlanmasının qarşısını almaq üçün preventiv addımlar ata, tarixi torpaqlarımıza qayıdış məsələsində müddət təyin edə, bufer zonanın yaradılması barədə qərar qəbul edə və ya növbəti Hərbi Paradın keçiriləcəyi ərazi barədə düşünə bilər.

Ermənistanın baş naziri Nikol Paşinyanın isə əlindən yalnız orduda intihar edənlərin statistikasındakı artımları izləmək, velosiped sürmək, ona salam verən ölkə rəhbərlərindən sülh bəhanəsi ilə silah dilənmək gəlir.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az üçün


Teqlər: Ermənistan   Erməni-ordusu  





Xəbər lenti